1.1. "AzMuhasib" mühasibat uçotu proqramları paketi haqqında ümumi məlumat
"AzMuhasib" mühasibat uçotu proqramları paketi "Araz Computer" firması tərəfindən yaradılmışdır. Proqramlar paketinin tərkibinə "AzMuhasib", "Anbar", "AzMuhasib-Ticarət", "Əsas vəsaitlər" və digər mühasibat uçotu proqramları daxildir ki, onların da hər biri müstəqil fəaliyyət göstərmək qabiliyyətinə malikdir. Proqramlar paketində mühasibat-maliyyə uçotunun əsas aparıcı əməliyyatları "AzMuhasib" proqramında işlənir. Paketə daxil olan bu proqramda müəssisədə baş vermiş təsərrüfat əməliyyatları haqqında zəruri məlumatlar memorial orderə daxil edilərək, mühasibat müxabirləşmələrində əks etdirilir və bununla da həm mühasibat-maliyyə, həm də mühasibat-idarəetmə uçotunun vahid məlumat bazası formalaşdırılır.

   Paketə daxil olan digər proqramlar mühasibat uçotunun bu və ya digər sahəsinin işlənməsinə,müvafiq sahəyə aid təsərrüfat əməliyyatlarının ilk sənədlərdə əks etdirilməsinə, məlumatların qruplaşdırılmasına və icmal qruplaşdırıcı sənəd və uçot registrlərinin tərtib edilməsinə, eləcə də mühasibat-maliyyə və mühasibat-idarəetmə uçotunun müvafiq sahələrinə aid zəruri məlumat bazasının yaradılmasına xidmət göstərir.

   "AzMuhasib" mühasibat uçotu proqramları paketi Azərbaycanda istehsal olunmuş və azərbaycan dilində fəaliyyət göstərən ilk mükəmməl mühasibat uçotu proqramı hesab oluna bilər. Proqram azərbaycan dilində həm latın, həm də kiril əlifbası ilə işləməklə yanaşı, eyni zamanda rus və ingilis dillərində də fəaliyyət göstərmək imkanına malikdir. Beləliklə, proqram dil və əlifba seçimi baxımından aşağıda göstərilən dörd formada fəaliyyət göstərə bilər:

-Azərbaycan dilində, latın əlifbası ilə;
-Azərbaycan dilində, kiril əlifbası ilə;
-Rus dilində;
-Ingilis dilində.


   Bu paketə daxil olan mühasibat uçotu proqramları müxtəlif fəaliyyət sahələrinə və müxtəlif mülkiyyət formasına malik olan müəssisələrdə mühasibat uçotunun müasir dövrün tələblərinə uyğun səviyyədə avtomatlaşdırılmasını təmin edir. Onların mühasibat uçotu və iqtisadi məlumatların işlənməsi texnologiyası sahəsində tanınmış mütəxəsislər tərəfindən daha yüksək qiymətləndirilən xüsusiyyətləri, bu proqramların sadə, tez mənimsənilə bilən və azərbaycan dilində olmasıdır. Bununla yanaşı, proqramların müasir məlumat bazasına malik olması, mühasibat ucotu, maliyyə, vergiqoyma və bu kimi digər əlaqədar sahələrə aid Azərbaycan Respublikasının müasir qanunlarına, eləcə də normativ bazasına uyğun olması, eyni zamanda informasiya texnologiyasının müasir səviyyəsinə uyğun olması, onların çoxsaylı müsbət keyfiyyətləri kimi diqqəti cəlb edir.

   Bizim fikrimizcə, "AzMuhasib" proqramlar paketinin müasir dövr üçün ən yüksək qiymətləndirilə bilən xüsusiyyəti onun təmiz azərbaycan dilində fəaliyyət göstərməsi, onun tətbiqi şəraitində bütün ilk və icmal sənədlərin, uçot registrlərinin, mühasibat-maliyyə hesabatlarının, eləcə də idarəetmə uçotunda istifadə edilən çoxsaylı hesabat, cədvəl və məlumatların müasir dövrün tələblərinə uyğun, azərbaycan dilində, latın qrafikalı azərbaycan əlifbası ilə alınmasından ibarətdir.

   Qeyd etmək lazımdır ki, "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikası Qanununda bu məsələyə dair konkret tələblər öz əksini tapmışdır. Məsələn, mühasibat uçotu registrlərinin azərbaycan dilində tərtib edilməsi və formalaşdırılması zərurəti haqqında Qanunun 13-cü maddəsində göstərilmişdir: "Azərbaycan Respublikası ərazisində olan bütün təsərrüfat subyektləri mühasibat ucotu registrlərini azərbaycan dilində aparmalıdır." (Ibadoğlu LTD. Mühasibat işi (normativ sənədlər toplusu). B.1998. s.11).

   "AzMuhasib" mühasibat uçotu proqramları paketi, əsasən, kiçik və orta həcmli müəssisələr üçün nəzərdə tutulmuşdur. Onun tətbiqi müvafiq müəssisələrdə mühasibat-maliyyə və mühasibat idarəetmə uçotunun tam avtomatlaşdırılmış rejimdə və müasir tələblər səviyyəsində aparılmasına, ilk sənədlərin vaxtlı-vaxtında və yüksək keyfiyyətlə tərtib olunmasına, bank, kassa və hesablaşma əməliyyatlarının aparılması üçün optimal idarəetmə qərarlarının qəbul edilməsinə təminat verməklə, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına müsbət təsir göstərəcəkdir.