1.2."AzMuhasib" proqramının menyusu və onun istismarının ümumi məsələləri
"AzMuhasib" proqramının əsas menyusu aşağıda göstərilən bölmələrdən ibarətdir:
 1. Əməliyyat;
 2. Hesabat;
 3. Utilit;
 4. Kömək.

Əsas menyunun göstərilən bölmələrinə, müvafiq olaraq, aşağıdakı elementlər daxildir:
 1. "Əməliyyat" bölməsinə daxil olan elementlər:
 1.1. Memorial order;
 1.2. Bank;
 1.3. Kassa;
 1.4. Debitor/Kreditor;
 1.5. Əsas vəsaitlər;
 1.6. Tezköhnələn əşyalar;
 1.7. Personal;
 1.8. Ezamiyyət;
 1.9. Hesabat dövrü;
 1.10. Çıxış.


Şəkil 1. "AzMuhasib" proqramı əsas menyusunun monitorda görünüşü


 2. "Hesabat" bölməsinə daxil olan elementlər:
 2.1. Baş kitab;
 2.2. Dövriyyə cədvəli;
 2.3. Şahmat cədvəli;
 2.4. Balans;
 2.5. Kassa hesabatı;
 2.6. Avans hesabatı;
 2.7. Xərclər;
 2.8. Satış hesabatı;
 2.9. Cədvəllər;
 2.10. Hesabın təhlili.
 3. "Utilit" bölməsinə daxil olan elementlər:
 3.1. Əsas məlumat;
 3.2. Dəyişmək;
 3.3. Hesabatların tərtibatı;
 3.4. Təqvim;
 3.5. Kalkulyator.
 4. "Kömək" bölməsinə daxil olan elementlər:
 4.1. Kömək;
 4.2. Proqram üzrə.

"AzMuhasib" proqramının əsas menyusuna daxil olan elementlər şəkil 1-də əks olunmuşdur. Proqram üzrə ümumi hesabat dövrünün tənzimlənməsi qaydaları. "AzMuhasib" mühasibat uçotu proqramının istismarı onunla ilk tanışıqdan və müvafiq tənzimlənmə işləri aparıldıqdan sonra başlayır. Proqramın istismarına başladıqda, ilk əvvəl, onun ümumi fəaliyyət dövrünü təşkil edən müvafiq hesabat dövrünü müəyyən etmək və müəssisənin mühasibat hesabları üzrə ilk qalıqları proqrama daxil etmək lazımdır.


Şəkil 2. "Hesabat dövrü" dialoqunun ekranda görünüşü: dialoqda 01 yanvar 2002-ci il tarixdən 31 dekabr 2002-ci il tarixədək 1 illik hesabat dövrü müəyyən edilmişdir.

Proqramda hesabat dövrünü müəyyən etmək üçün əsas menyunun "Əməliyyat" bölməsində yerləşən "Hesabat dövrü" elementi canlandırılır. Bu zaman ekranda hesabat dövrünün əvvəl və son tarixləri əks olunan, "Hesabat dövrü" adlı kiçik ölçülü dialoq pəncərəsi açılır. Burada müvafiq tarixlər klaviaturadan daxil edilərək, "OK" düyməsi aktivləşdirilir ki, bunun da nəticəsində müəyyən edilmiş hesabat dövrü proqrama daxil edilərək, müvafiq pəncərə bağlanır.
Bundan sonra proqramın bütün bölmələri müəyyən edilmiş hesabat dövrünə aid fəaliyyət göstərəcəkdir.
"Hesabat dövrü" dialoqunun ekranda görünüşü şəkil 2-də əks olunmuşdur.
Mühasibat uçotunun hesablar planı. "AzMuhasib" proqramında mühasibat uçotunun hesablar planı proqramın əsas menyusunun "Utilit" bölməsindəki "Əsas məlumat" elementi vasitəsi ilə açılır. Bu element vasitəsi ilə canlandırılan "Mühasibat kodları" adlı element monitor ekranında eyniadlı dialoq-cədvəlin açılmasına xidmət edir.


Şəkil 3. "AzMuhasib" proqramındakı "Mühasibat kodları" dialoq-cədvəlində mühasibat uçotu hesablar planının monitorda görünüşü.


"Mühasibat kodları" adlı dialoq-cədvəl 4 əsas sütundan ibarət olub, onlardan birincisində hərf-rəqəm işarələrindən ibarət müvafiq kodlar, sonrakı üçündə isə həmin kodların azərbaycan, rus və ingilis dillərində adları verilir.
Proqramın "Araz Computer" firması tərəfindən təqdim edilən məlumat bazasında "Mühasibat kodları" dialoq-cədvəlində mühasibat uçotunun hesablar planı verilmişdir. Lakin onun istismarı dövründə burada istifadəçinin tələbatına uyğun formada müxtəlif yeni kodlar açıla bilər. Bununla yanaşı, burada mövcud olan kodları silmək (ləğv etmək), dəyişdirmək və onların siyahısını çap etmək olar.
Mühasibat uçotunun hesablar planının "Mühasibat kodları" dialoqunda ekranda görünüşü şəkil 3-də verilmişdir. Proqramın istismarı prosesində onun məlumat bazasına, müəssisədə mühasibat uçotunun xarakterik xüsusiyyətlərinə uyğun olaraq, çoxsaylı və müxtəlif subhesabların daxil edilməsi lazım gəlir. Bunun üçün dialoqun aşağı hissəsindəki "Yeni" düyməsini basmaq və bu zaman açılan xanalarada hesabın kodu və adını klaviaturadan daxil edərək, "OK" düyməsini basmaq lazımdır. Bunun nəticəsində yeni hesabın nömrəsi və adı hesablar planına daxil olur.


Şəkil 4. "Mühasibat kodları" dialoq-cədvəlində mühasibat uçotu hesablar planına yeni subhesabın daxil edilməsi: dialoqun yuxarı hissəsində verilmiş yuvalarda 41.11No-li "1No-li anbarda olan mallar və tara" adlı subhesab (Azərbaycan və Rus dillərində) daxil edilmişdir və həmin subhesab hesablar planı əks olunan cədvəlin aşağı axırıncı sətrində görunur.


Mühasibat uçotunun hesablar planına yeni hesabın (41.11No-li "1No-li anbarda olan mallar və tara" subhesabı) daxil edilməsi şəkil 4-də əks olunmuşdur.
Proqramın "Mühasibat kodları" dialoqunda formalaşdırılmış mühasibat uçotunun hesablar planını çap etmək üçün "Çap" düyməsini basmaq lazımdır.
Mühasibat hesabları üzrə ilk qalıqları proqrama daxil etmək üçün hesabat dövründən əvvəlki dövrə aid olan birtərəfli mühasibat yazılışları tərtib etmək lazımdır. Ona görə də ilk qalıqları daxil edərkən, həqiqi hesabat dövründən əvvələ aid hesabat dövrü müəyyən etmək və keçmiş tarixə birtərəfli mühasibat yazılışları tərtib etmək lazımdır. Məsələn, proqrama 01 yanvar 2002-ci il tarixə ilk qalıqları daxil etmək üçün "Hesabat dövrü" dialoqunu açaraq, orada hesabat dövrünün əvvəli və sonunu göstərən hər iki xanada "31.12.2001" tarixini daxil etmək və "OK" düyməsini aktivləşdirmək lazımdır. Bundan sonra, memorial orderi açaraq, orada bir tərəfi "00" (ilk qalıq), digər tərəfi isə ilk qalığı daxil edilən mühasibat hesabından ibarət olan mühasibat yazılışları tərtib edərək, onları proqrama daxil etmək lazımdır. Məsələn, 01 yanvar 2002-ci il tarixə 50No-li "Kassa" hesabı üzrə qalıq daxil etmək üçün aşağıda verilən mühasibat yazılışı tərtib edilməlidir:

Sənəd Tarix Debet Kredit Məzmun AZM Valyuta
31/12/2001 50 00 01 yanvar 2002-ci il tarixə qalıq 41727287,73


Bu qayda ilə bütün mühasibat hesabları üzrə ilk qalıqlar proqrama daxil edilir.


Şəkil 5. "Asiman" ATSC-də 01 yanvar 2002-ci il tarixə mühasibat hesabları üzrə daxil edilmiş ilk qalıqların əks olunduğu memorial order..

"Asiman" ATSC-də 01 yanvar 2002-ci il tarixə mühasibat hesabları üzrə ilk qalıqların memorial orderə daxil edilməsi şəkil 5-də əks olunmuşdur. Burada verilmiş "Memorial order\Yeni" adlı dialoqun cədvəl hissəsində 01No-li "Əsas vəsaitlər", 02No-li "Əsas vəsaitlərin köhnəlməsi", 10No-li "Materiallar", 50No-li "Kassa", 51No-li "Hesablaşma hesabı", 52No-li "Valyuta hesabı", 55No-li "Banklarda olan xüsusi hesablar" və 60No-li "Malsatan və podratçılarla hesablaşmalar" sintetik hesabları üzrə 01 yanvar 2002-ci il tarixə qalıq məbləğləri öz əksini tapmışdır. Dialoqun cədvəl hissəsinin birinci sətrində 01 yanvar 2002-ci il tarixə 50No-li "Kassa" hesabı üzrə 41727283 manat 73 qəpik məbləğdə qalığın daxil edilməsi əks olunmuşdur.


Şəkil 6. Proqramın məlumat bazasındakı bankların siyahısı və müvafiq rekvizitləri əks olunan "Banklar\Yeni" adlı dialoq-cədvəlin görünüşü: "BUSBANK BINƏQƏDI" bankına aid rekvizitlər daxil edilmişdir.


Qeyd etmək lazımdır ki, proqrama ilk qalıqlar analitik hesablar üzrə daxil edilməlidir. Əks halda proqram, müəssisədə analitik uçotun aparılması üçün zəruri olan məlumat bazasına malik olmayacaqdır. Şəkil 5-də 60No-li "Malsatan və podratçılarla hesablaşmalar" sintetik hesabının analitik hesabları üzrə 01 yanvar 2002-ci il tarixə qalıq məbləğlərinin proqrama daxil edilməsi əks olunmuşdur.
Müəssisənin bank rekvizitlərinin proqrama daxil edilməsi qaydaları.
Müəssisənin bank rekvizitlərini proqrama daxil etmək üçün banklar haqqında zəruri göstəricilərin əks olunduğu məlumat bazasından istifadə edilir. Banklar haqqında məlumat bazasını açmaq üçün proqramın əsas menyusundakı "Əməliyyat" bölməsində yerləşən "Bank" elementinə məxsus alt menyuda "Banklar" elementi canlandırılır.


Şəkil 7. "Banklar\Yeni" adlı dialoq-cədvəldə bankların siyahısına yeni bankın daxil edilməsi üçün nəzərdə tutulmuş dialoq.

Bu zaman monitor ekranında, proqramda banklar haqqında zəruri məlumatların formalaşdırılması və müvafiq məlumat bazasına daxil edilməsi üçün nəzərdə tutulmuş "Bank/Yeni" adlı dialoq-cədvəl görünür. Bu dialoq-cədvəlin ekranda görünüşü şəkil 6-da verilmişdir. Dialoq-cədvəldə indiyədək proqramın məlumat bazasına daxil edilmiş bankların siyahısı və onların müvafiq rekvizitləri (BIK-burada Kod (FAD) kimi göstərilmişdir; müxbir hesabının nömrəsi; VÖEN, SWIFT və s.) əks olunur. Dialoqun çədvəl hissəsində formalaşdırılmış çoxsaylı bankların adları və onların zəruri göstəricilərindən ibarət siyahı banklar haqqındakı məlumat bazasını təşkil edir.
Əgər bu siyahıya, yəni proqramda banklar haqqında formalaşdırılmış məlumat bazasına hər hansı bir yeni bankın daxil edilməsi lazım gələrsə, onda dialoqun aşağısında verilən "Yeni" düyməsini aktivləşdirməklə, yeni bankın adını və müvafiq göstəricilərini daxil etmək üçün nəzərdə tutulmuş "Bank/Yeni" adlı ikinci dialoq-cədvəl açılır. Bu dialoq-cədvəlin ekranda görünüşü şəkil 7-də verilmişdir. Ikinci "Bank/Yeni" dialoqu birincidən cədvəl hissəsindən yuxarı hissədə yeni bankın adı və müvafiq göstəricilərinin proqramın müvafiq məlumat bazasına daxil edilməsi üçün nəzərdə tutulmuş 8 ədəd aktiv yuvaların mövcud olması ilə fərqlənir. Burada "Ölkədaxili banklar" və "Xaricdəki banklar" adlanan, bir-birindən az fərqlənən iki rejim mövcuddur. Bu rejimlərdən, göstəriciləri daxil ediləcək banka uyğun olanı seçərək, müvafiq yuvalarda bankın adı və göstəriciləri qeyd edilir və "OK" düyməsini aktivləşdirməklə, siyahıya daxil edilir.


Şəkil 8. "Müəssisə üzrə" dialoqunda müəssisənin ümumi göstəricilərinin görünüşü: proqramın məlumat bazasına "Asiman" ATSC-nin ümumi göstəriciləri daxil edilmişdir.

Siyahıda mövcud olan hər hansı bankın göstəriciləri analoji qayda üzrə, "Dəyişmək" düyməsini aktivləşdirməklə dəyişdirilə bilər.
Müəssəsənin bank rekvizitlərini proqrama daxil etmək üçün əsas menyunun "Utilit" bölməsindəki "Müəssisə üzrə" elementi canlandırılmaqla, muvafiq dialoq açılır. "Müəssisə üzrə" adlı dialoqun ekranda görünüşü şəkil 8-də verilmişdir. Burada "Asiman" ATSC-nin ümumi göstəriciləri əks olunmuşdur. Müəssisənin bank rekvizitlərini seçmək üçün dialoqun yuxarı hissəsində yerləşən "Bank rekvizitləri" bölməsi aktivləşdirilərək, müəssisəyə təhkim olunmuş bankların siyahısı açılır.


Şəkil 9. "Asiman" ATSC-nin bank rekvizitləri.

"Müəssisə üzrə" adlı dialoqun "Bank rekvizitləri" bölməsinin ekranda görünüşü şəkil 9-da verilmişdir. Müəssisənin bank rekvizitlərinin proqrama daxil edilməsi əməliyyatı, bu dialoqda əks olunan siyahıda verilmiş banklara aid sətirləri silmək, onlarda müəyyən dəyişiklik aparmaq və siyahıya yeni bank hesabları daxil etməklə aparılır. Bunun üçün dialoqun aşağı hissəsində verilmiş "Silmək", "Dəyişmək" və "Yeni" düymələrindən istifadə edilir. Əvvəlcə syahıda göstərilən bankların adına nəzər salmaq və onlardan hansı bizim müəssisəyə uyğun deyilsə, onu silmək lazımdır. Sonra kursoru bizim müəssisəyə uyğun olan banklara aid sətirlərin üzərində saxlayıb, "Dəyişmək" diyməsini basaraq, həmin banklarda olan hesab nömrələrini daxil etməklə, bu nömrələri və bankları müəssisəyə təhkim edir və proqramın məlumat bazasına baxil edirik.
Adları siyahıda olmayan banklardakı hesab nömrəsini proqrama daxil etmək üçün "Yeni" düyməsini basaraq, dialoqun yuxarı hissəsində açılmış "Bank", "HesabNo-si" və "Valyuta" xanalarında bankın adını və valyuta növünü banklar haqqında məlumat bazasından seçmək, hesab nömrəsini isə klaviaturadan daxil etmək lazımdır.


Şəkil 10. "Asiman" ATSC-nin bank rekvizitlərinə yeni bankın əlavə edilməsi üçün nəzərdə tutulmuş dialoq.

"Müəssisə üzrə" adlı dialoqun "Bank rekvizitləri" bölməsində "Yeni" düyməsini basdıqdan sonra, yeni bankın adı, müəssisənin həmin bankdakı hesab nömrəsi və valyuta növünün proqrama daxil edilməsi üçün nəzərdə tutulmuş formasının görünüşü şəkil 10-da verilmişdir. Həmin şəkildə görünən dialoqdakı "OK" düyməsini basdıqda, ekranda yenidən müəssisənin bank rekvizitləri əks olunmuş cədvəl, orada isə yeni hesab nömrəsi və bank rekvizitəri görünür. Bu qayda ilə müəssisənin bütün bank rekvizitləri proqrama daxil edilir.
"Asiman " ATSC-nin proqrama daxil edilmiş bank rekvizitləri şəkil 9-da əks olunmuşdur.