2.5. Işçi heyətlə və tətəlhesab şəxslərlə hesablaşma əməliyyatlarının aparılması
Müəssisənin işçi heyəti ilə hesablaşma əməliyyatlarının aparılmasında "Personal" elementindən istifadə edilir. Proqramın əsas menyusunun "Əməliyyat" bölməsində yerləşən "Personal" elementi müəssisə əməkdaşları (işçi heyəti, maddi-məsul şəxslər və b.) haqqında müvafiq məlumat bazasının yaradılması üçün nəzərdə tutulmuşdur. Bu elementi seçdikdə, paralel olaraq, "Qeydiyyat" elementi açılır və həmin elementi seçərkən, ekranda "Personal\Qeydiyyat" dialoqu açılır. Bu dialoqun ekranda görünüşü şəkil 53-də verilmişdir. Qeyd etmək lazımdır ki, həmin dialoq eyni zamanda proqramın giriş vəziyyətində aktivləşdirilə bilən "Personal" nişanı vasiətəsi ilə də açılır.


Şəkil 53. "Personal\Qeydiyyat" dialoqunun ekranda görünüşü.

"Personal/Qeydiyyat" dialoqunda işçilərin təvəllüdü, adı, soyadı və atasının adı, vətəndaşlığı, təhsili və s. məlumatlar əks olunur. Buradakı məlumat bazasına yeni işçi-əməkdaş haqqında məlumat daxil etmək üçün "Yeni" düyməsini basmaq və bu zaman dialoqun yuxarı hissəsində açılan xanalarda müvafiq məlumatları klaviaturadan daxil edərək, "OK" düyməsini basmaq lazımdır. Buradakı "Çıxış" düyməsini basmaqla, dialoqun ilk vəziyyətinə qayıtmaq olur.

"Personal/Qeydiyyat" dialoqu vasitəsi ilə formalaşdırılan məlumat bazasında yığılmış işçilər haqqında məlumatlar maddi dəyərlilərin hərəkətini əks etdirən sənəd və hesabatlarda, eləcə də digər uçot registrlərində istifadə edilir.

Təhtəlhesab şəxslərlə hesablaşma əməliyyatlarının aparılmasında "Ezamiyyət" elementindən istifadə edilir. Proqramın əsas menyusunun "Əməliyyat" bölməsində yerləşən "Ezamiyyət" elementi müəssisədə işçi və əməkdaşların ezamiyyətə göndərilməsi və ezamiyyət xərclərinin hesablanması məsələlərinin təşkilinə xidmət göstərir. Bu element seçildikdə, ekranda "Hesabat" və "Ölkələr üzrə" elementlərindən ibarət alt menyu açılır.


Şəkil 54. "Ezamiyyət vəsiqəsi" dialoqunun ekranda birinci görünüşü: dialoqda 2002-ci ilə aid ezamiyyət haqqında ümumi məlumatlar əks olunmuşdur.

"Hesabat" elementi "Ezamiyyət vəsiqəsi" dialoqunun açılmasına xidmət edir. "Ezamiyyət vəsiqəsi" dialoqunda hesabat dövrünə aid ezamiyyətlər haqqında zəruri məlumatlar əks olunur. Dialoqun yuxarı hissəsində hesabat dövrünü göstərən "Tarix" xanaları, ezam olunmuş şəxsin adının axtarışı üçün nəzərdə tutulmuş "Ad" xanası və ezamiyyət xərclərinin əks etdirilməsi üçün "Maya dəyərinə daxil olan xərclər", "Maya dəyərinə daxil olmayan xərclər" və "Cəmi xərclər" adlanan 3 passiv xana mövcuddur.

"Ezamiyyət vəsiqəsi" dialoqunun birinci forması şəkil 54-də əks olunmuşdur. Bu dialoqda yeni ezamiyyət vəsiqəsinin ümumi göstəricilərini daxil etmək, mövcud olanları dəyişdirmək, ləğv etmək, dialoqda göstərilmiş vəsiqələrin siyahısını və hər bir ezamiyyət vəsiqəsini çap etmək mümkündür.


Şəkil 55. "Ezamiyyət vəsiqəsi" dialoqunun ekranda ikinci görünüşü: dialoqda "Asiman" ATSC-nin sədr müavini Vəliyev Vüqar Şərəfxan oğlunun Almaniyaya ezam olunması haqqında 2No-li ezamiyyət vəsiqəsinin göstəriciləri və ezamiyyət xərcləri haqqında məlumatlar əks olunmuşdur.

Proqramda yeni ezamiyyət haqqında məlumatlar daxil etmək üçün "Ezamiyyət vəsiqəsi" dialoqunun birinci formasında "Yeni" düyməsini basmaq lazımdır. Bu zaman ekranda "Ezamiyyət vəsiqəsi" dialoqunun ikinci forması açılır. Bu dialoqun ekranda görünüşü şəkil 55-də əks olunmuşdur. Dialoqun ikinci formasında məlumatlar 2 mərhələdə daxil edilir. Birinci mərhələdə ezamiyyət vəsiqəsinin nömrəsi, ezamiyyətə göndərilən şəxsin adı, vəzifəsi, ezamiyyət dövrü, təyinat məntəqəsi, ezamiyyətə gedilən müəssisənin (birlik, idarə, təşkilatın) adı və ezamiyyətin məqsədi əks olunan xanalarda məlumatlar daxil edilərək, ezamiyyət vəsiqəsi çap edilir və rəsmiləşdirilir. Bu mərhələdə "Gediş" xanası aktiv, "Qayıtma" xanası isə passiv olur. "Gediş" xanasında ezamiyyətin başlanma tarixi daxil edilir.


Şəkil 56. "Ölkələr üzrə" dialoqunun ekranda görünüşü: dialoqda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qararına uyğun olaraq, müasir dövrdə mövcud olan ezamiyyət normaları (gündəlik xərc və otel xərci) haqqında məlumatlar əks olunmuşdur.

Ezamiyyət başa çatdıqdan və ezam olunan şəxs qayıtdıqdan sonra, ezamiyyət vəsiqəsindəki getmə və qayıtma haqqındakı qeydlərə əsasən "Qayıtma" xanasında müvafiq tarix daxil edilir. Bunun üçün "Qayıtma" düyməsi basılır və bu andan etibarən dialoqun əvvəl doldurulmuş xanaları passivləşir, ezamiyyət xərcləri göstərilən xanaları isə aktivləşir. Ezamiyyətdən qayıtmış şəxsin təqdim etdiyi avans hesabatı və ona əlavə edilmiş sənədlər əsasında faktiki xərclər dialoqun müvafiq xanalarına doldurulur və "OK" düyməsi basılaraq, proqrama daxil edilir. Bu zaman ikinci dialoq bağlanaraq, ekranda yenidən birinci dialoq görünür. Qeyd etmək lazımdır ki, ezamiyyət başa çatdıqdan sonrakı məlumatları daxil etmək üçün birinci dialoqda müvafiq sətir seçilərək "Dəyişmə" düyməsi basılır və bu zaman ikinci dialoq açılır ki, burada da başa çatmış ezamiyyət haqqında məlumatlar daxil edilir.

Ikinci "Ezamiyyət vəsiqəsi" dialoqunda "Ölkə" xanasında hər hansı bir xarici ölkə seçildikdə, "Kurs" xanasında ABŞ dollarının manata müvafiq kursu əks olunur. "Otel" və "Gündəlik" xanalarında müvafiq günlərin sayı daxil edildikdə, "Norma üzrə xərclər" xanalarında həmin ölkəyə aid proqrama daxil edilmiş müvafiq normalar əsasında otel xərcləri və gündəlik xərclərin normaları avtomatik hesablanaraq, əks olunur.

"Ölkələr üzrə" elementini aktivləşdirdikdə, ekranda eyniadlı dialoq açılır ki, bu dialoq da proqramda müxtəlif ölkələrə aid ezamiyyət xərcləri normalarının daxil edilməsinə xidmət edir.

"Ölkələr üzrə" dialoqunun ekranda görünüşü şəkil 56-da verilmişdir. Bu dialoqda xarici ölkələrlə yanaşı, Azərbaycan Respublikası ərazisi üçün də mövcud olan ezamiyyət xərcləri normaları da daxil edilmişdir. Dialoqda yeni normalar daxil etmək və mövcud normaları dəyişmək imkanları vardır.