2.2. Hesablaşma əməliyyatlarının aparılması
"AzMuhasib" proqramının tətbiq edildiyi müəssisələrdə müxtəlif tərəf-müqabil müəssisələrlə hesablaşma əməliyyatları "Debitor/Kreditor" elementindən istifadə etməklə aparılır. Proqramın əsas menyusunun "Əməliyyat" bölməsində yerləşən "Debitor/Kreditor" elementi debitor və kreditorlarla hesablaşma əməliyyatlarına aid hesabatların tərtib edilməsi və proqrama yeni debitor və ya kreditor müəssisənin rekvizitlərinin daxil edilməsi üçün nəzərdə tutulmuşdur. Bu elementi seçərkən, ekranda aşağıda göstərilən 2 elementdən ibarət alt menyu açılır:
- Yeni;
- Hesabat.

Alt menyuda verilmiş birinci element proqramın məlumat bazasına yeni debitor-kreditor müəssisənin rekvizitlərinin daxil edilməsinə, ikinci element isə mövcud debitor-kreditorlar üzrə hesabatın tərtib edilməsinə xidmət edir.


Şəkil 25. "Debitor\Kreditor/Yeni" dialoqunun ekranda görünüşü: proqramın məlumat bazasına yeni müəssisənin rekvizitlərini daxil etmək üçün dialoqun aşağısındakı "Yeni" düyməsini basmaq lazımdır.

"Yeni" elementini seçərkən, ekranda proqramın məlumat bazasına yeni debitor-kreditor müəssisənin müvafiq rekvizitlərinin daxil edilməsi üçün nəzərdə tutulmuş "Debitor\Kreditor/Yeni" adlı dialoq açılır. Bu dialoqun ekranda görünüşü şəkil 25-də əks olunmuşdur.

Proqramın məlumat bazasına yeni debitor-kreditor müəssisənin rekvizitlərinin daxil edilməsi üçün dialoqun aşağısında verilmiş "Yeni" düyməsini basmaq lazımdır. Bu zaman ekranda yeni müəssisənin ümumi rekvizitlərinin daxil edilməsi üçün nəzərdə tutulmuş ikinci dialoq açılır. Bu dialoqun yuxarı hissəsində yeni müəssisənin adı, VÖEN, ünvanı və telefon nömrəsini daxil etmək üçün nəzərdə tutulmuş 4 xana, aşağı hissəsində isə proqramın məlumat bazasına daxil edilmək üçün hazırlanmış müəssisələrin müvafiq rekvizitlərindən ibarət elektron siyahı-cədvəl vardır.


Şəkil 26. "Debitor\Kreditor/Yeni" dialoqunun ekranda ikinci görünüşü: dialoqda proqramın məlumat bazasına yeni daxil edilmiş 3 müəssisənin ümumi rekvizitləri yığılmışdır; dialoqun ilk formasına qayıtmaq üçün "OK" düyməsini basmaq lazımdır.

Yuxarıda verilmiş xanalarda yeni müəssisənin rekvizitləri "Tabulyasiya" düyməsindən istifadə etməklə xanalara yazıldıqdan sonra, "OK" düyməsini basmaqla, aşağıdakı siyahı-cədvəldə yeni sətir açılır. Lazım olan bir neçə müəssisənin rekvizitləri yığıldıqdan sonra, "Çıxış" düyməsini basaraq, əsas dialoqa qayıtmaq lazımdır. Artıq bu dialoqda yeni daxil edilmiş müəssisələrin müvafiq rekvizitləri əks olunacaqdır.

Yeni müəssisənin ümumi rekviitlərinin daxil edilməsi üçün nəzərədə tutulmuş "Debitor\Kreditor/Yeni" dialoqu (iknci formada) şəkil 26-da əks olunmuşdur. Bu dialoqda debitor və kreditorların siyahısına daxil ediləcək 3 müəssisənin ümumi rekvizitləri yığılmışdır.

Debitor və kreditor müəssisələrin ümumi rekvizitləri proqramın məlumat bazamına daxil edildikdən sonra, onların bank rekvizitlərini də daxil etmək lazımdır. Bunun üçün "Debitor\Kreditor/Yeni" dialoqunda (birinci formada) kursoru bank rekvizitləri daxil ediləcək müəssisənin ümumi rekvizitləri yazılmış sətrin üzərində saxlayıb, dialoqun aşağısındakı "Bank rekvizitləri" düyməsini basmaq lazımdır. Bu zaman ekranda eyniadlı dialoq açılır. Bu dialoqun aşağı hissəsində yerləşən "Yeni" düyməsini basdıqda, yuxarı hissəsində müəssisənin bankının adı, hesab nömrəsi və valyuta növünü daxil etmək üçün nəzərdə tutulmuş yuvalar olan eyniadlı ikinci dialoq açılır. Bu dialoqda müəssisəyə xidmət edən bankın adını proqramın "Banklar" məlumat bazasından seçmək imkanı vardır. Bunun üçün kursoru üzərində "Bank" sözü yazılmış xananın sağ küncündəki üçbucaq işarəli dyümənin üzərinə gətirib, proqramın məlumat bazasında mövcud olan bankların siyahısından ibarət pəncərəni açmaq və oradan lazımi bankın adını seçmək lazımdır.

"Bank rekvizitləri" dialoqunun bankların siyahısının açıq formasında vəziyyəti şəkil 27-də əks olunmuşdur. Əgər bankların siyahısında müəssisəyə xidmət edən bankın adı olmazsa, onda proqramın "Banklar" məlumat bazasına yeni bankın adı və müvafiq rekvizitlərini daxil etmək, sonra isə həmin bankın adını şəkildə əks olunan "Bank rekvizitləri" dialoquna gətirmək lazım gəlir. (Proqramın məlumat bazasına yeni bankın rekvizitlərinin daxil dilməsi qaydaları bundan əvvəlki paraqrafda göstərilmişdir).

"Debitor/Kreditor" alt menyusundakı "Hesabat" elementini aktivləşdirərkən, ekranda ayrı-ayrı konkret debitor-kreditor müəssisəsi ilə hesablaşma əməliyyatlarına aid hesabat tərtib edilməsi üçün nəzərdə tutulmuş "Debitor\Kreditor/Hesabat" adlı dialoq açılır. Həmin dialoqun ekranda görünüşü şəkil 28-də əks olunmuşdur. Qeyd etmək lazımdır ki, "Debitor\Kreditor/Hesabat" dialoqu həm də proqramın giriş vəziyyətində aktivləşdirilə bilən "Debitor/Kreditor" nişanı vasitəsilə də açıla bilər.

Burada birinci növbədə hesabat dövrünün ilk və son tarixlərini müvafiq xanalara daxil etmək, debitor-kreditorun adı əks olunacaq xananın sol küncündəki üçbucaq işarəsi olan düyməni aktivləşdirərək, açılan pəncərədən hesabatı hazırlanacaq debitor-kreditor müəssisənin adını seçmək tələb olunur. Əgər seçilmiş müəssisə ilə bütün mühasibat hesabları üzrə hər növ valyutada hesablaşma əməliyyatları haqqında hesabat tərtib ediləcəksə, onda tənzimləmə prosesini burada başa çatmış hesab etmək lazımdır. Əks təqdirdə növbəti xanalarda mühasibat hesabının nömrəsi və valyuta növü müvafiq düymələri aktivləşdirməklə açılan pəncərələrdən seçilməldir. Əgər hesabata daxil olacaq hesablaşma əməliyyatlarını həm manatla, həm də hər hansı bir xarici valyuta ilə əks etdirmək lazım gələrsə, onda "Valyutaya çevirmək" xanasında xarici valyutanın növ nişanını seçmək lazımdır.


Şəkil 27. "Bank rekvizitləri" dialoqunun ekranda ikinci görünüşü: dialoqda proqramın məlumat bazasında olan bankların siyahısı açıq vəziyyətdədir.

Bu zaman növbəti xanada valyutanın manatla kursu avtomatk əks olunacaqdır. Göstərilən ardıcıllıqla tənzimlənmə işləri aparıldıqdan sonra, dialoqda görünən "OK" düyməsini basmaqla, dialoqun cədvəl hissəsində seçilmiş müəssisə üzrə müvafiq hesabat dövrünə aid hesablaşma əməliyyatları əks olunur.

Şəkil 28-də "Artel" BM üzrə 01 yanvar 2001-ci il tarixdən 31 dekabr 2002-ci il tarixədək bütün mühasibat hesabları (50, 62/4, 68/1 və s.) üzrə hesablaşma əməliyyatlarının seçilməsi əks olunmuşdur. Bu şəkildə görünən "Çap" düyməsini basmaqla, həmin debitor-kreditor hesabatı çap edilir. "Debitor\Kreditor/Hesabat" dialoqunda hər hansı bir debitor-kreditor müəssisəsi ilə hesablaşmalara aid hesabat tənzimləmək üçün dialoqun yuxarı hissəsində verilən xanalarda zəruri məlumatları daxil etmək lazımdır.


Şəkil 28. "Debitor\Kreditor/Hesabat" dialoqunun ekranda görünüşü: dialoqda "Artel" BM-in 01/01/2001-31/12/2002 dövrünə aid hesablaşma əməliyyatları əks olunmuşdur; "Artel" BM üzrə həmin hesablaşma əməliyyatlarının əks olunduğu hesabatı çap etmək ücün "Çap" düyməsini basmaq lazımdır.

Qeyd etmək lazımdır ki, "Debitor\Kreditor/Hesabat" dialoqu ilə "Memorial order" arasında birbaşa informasiya əlaqəsi mövcuddur. Məlumdur ki, debitor və kreditorlarla hesablaşma əməliyyatları digər təsərrüfat əməliyyatları ilə yanaşı, memorial orderdə əks olunur. Əgər kursoru "Debitor\Kreditor/Hesabat" dialoqunun cədvəl hissəsində hər hansı bir hesablaşma əmliyyatına aid sətirdə saxlayıb, dəstəyin sol düyməsini 2 dəfə dalbadal bassaq, onda ekranda memorial orderin həmin təsərrüfat əməliyyatı yerləşən hissəsi (passiv formada) görünəcəkdir. Bu halda "Debitor\Kreditor/Hesabat" dialoquna qayıtmaq üçün memorial orderdəki "Çıxış" düyməsini basmaq lazımdır.